Zaqatalada çay plantasiyalarının məhsuldarlığı artacaq

Zaqatala rayonunda çay plantasiyalarının suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə ötən il Qazangül ərazisində bir ədəd subartezian quyusu qazılıb istismara verilib. Cari ildə daha bir quyunun qazılması nəzərdə tutulur.

Bu barədə Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Vaqif Şabanov məlumat verib.

Qurum rəsmisi bildirib ki, çay rütubət sevən bitkidir. Plantasiyalar dağlıq ərazidə yerləşdiyindən suvarılmasında da müəyyən çətinliklər yaranır. Ərazidə subartezian quyunun istismara verilməsi çay plantasiyalarının məhsuldarlığının artmasına öz təsirini göstərəcək.

Qeyd edək ki, çayçılıq Zaqatala rayonunun kənd təsərrüfatında ənənəvi sahələrdən hesab olunur. Hazırda rayon ərazisində 60 hektar çay plantasiyaları var. Bu plantasiyaların yalnız 30 hektarı barverəndir. Rayonda fəaliyyət göstərən “Zaqatala-Çay” MMC-nin fabrikində ötən il 5,5 ton quru çay istehsal olunub.

© Marja

Şərh yaz